Səbail Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilmişdir
İyulun 4-də Səbail Rayon İcra Hakimiyyətində Səbail Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, RİHB-nın müavinləri, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı və rayon ağsaqqalları, ziyalıları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından bəhs etmişdir. RİH başçısı ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan söhbət açaraq bildirmişdir ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Respublika Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulayan RİH başçısı qeyd etmişdir ki, təşkilatda təmsil olunan tanınmış ziyalıların, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin dəstəyi ilə Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyəti və nüfuzu daha da yüksələcəkdir.
Tədbir zamanı çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov Ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından bəhs etmiş, hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza yüksək diqqət və qayğı göstərdiyini vurğulamışdır. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov həmçinin ağsaqqalların üzərinə düşən vəzifələrdən, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda Rayon Ağsaqqallar şurasının sədri Baba Bayramlı illik fəaliyyətlərindən və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat vermiş, Səbail rayonunda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiyini vurğulamışdır.
Sonda tədbir iştirakçıları ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.