Səbail rayonu 239 nömrəli məktəbdə şəhidlərin xatirə lövhələrinin açılış mərasimi keçirilib
Oktyabrın 20-də Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Ələddin Ağakişiyev, Mirsaleh Ağayev, Adil Cəfərov, Vasif Hüseynov, Tofiq Məmmədov, Nürəddin Paşayev, Vüsal Həsənov və Vüsal Teymurovun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə quraşdırılmış xatirə lövhələrinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin xatirə lövhələri önünə gül dəstələri düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri və müharibə əlillərinə xüsusi diqqət və qayğısı, Ölkə başçısının bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar iqtisadi gücü daim artan ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaratdığını qeyd etmişdir.
Tədbir zamanı çıxış edən millət vəkili Nigar Arpadarai ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirildiyini vurğulayaraq Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan övladlarına xalqımızın daim minnətdar olacağını bildirmişdir.
Şəhidlərin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbir 239 saylı tam orta məktəbin şagirdlərinin ədəbi-bədii kompozisiya çıxışı ilə davam etmişdir.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilmişdir.