Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans
Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirilmişdir.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatlarının məsul əməkdaşları, rayon məktəbliləri və onların elmi rəhbərləri iştirak etmişlər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilmişdir.
Tədbir zamanı Ulu öndər Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğu vurğulanmışdır. Bildirilmişdir ki, bu idarəçilik məktəbinin qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanın müasir ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutur.
Daha sonra münsiflər heyəti tərəfindən ümumilikdə 5 mövzu üzrə rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 15 nəfər şagirdin inşa-yazı işi dinlənilmişdir. Sonda konfransda iştirak etmiş məktəblilərə Səbail Rayon İcra Hakimiyyəti başçısı adından Təşəkkürnamələr təqdim olunmuşdur.