Səbail rayonunda “İƏT coğrafiyasında cərəyan edən münaqişələr və sülh perspektivləri” mövzusunda simulyasiya konfransı keçirilib
Səbail Rayon Gənclər və İdman İdarəsinin, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Politoloqlar Klubunun həmtəşkilatçılığı ilə Akademiyada “İƏT coğrafiyasında cərəyan edən münaqişələr və sülh perspektivləri” mövzusunda keçirilən “DİA İƏT Modeli 2022” simulyasiya konfransı keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən DİA-nın sosial məsələlər, təşkilati işlər və təlim-tərbiyə üzrə müşaviri Zaur Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva və İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin layihə meneceri Səid Omanov belə layihələrin ölkənin insan kapitalına, kadr potensialına, o cümlədən, gənclərin intensiv inkişafına töhfə verdiyini vurğulayıblar.
Simulyasiya konfransında Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 25 tələbə iştirak edib. Nümayəndə qismində çıxış edən gənclər özünüifadə, diskussiya, debat bacarıqlarını artıraraq, beynəlxalq münasibətlər sisteminin işləmə mexanizmlərinin praktiki şəkildə şahidi olublar.
Tədbirin sonunda “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debatçı”, “Ən yaxşı debütant” və “Bacarığı ilə fərqlənən nümayəndə” nominasiyalarına layiq görülən gənclər xüsusi sertifikatlarla təltif olunub.