Səbail rayonunda 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Səbail Rayon İcra Hakimiyyətində “Səbail rayonunda 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. Müşavirədə Səbail RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində təşkil olunan tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacib olduğunu diqqətə çatdırmışlar.
Tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılmasından ibarət olmuşdur.
Sonda rayon ərazisində mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.






