Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Qurban bayramı ərəfəsində birinci Qarabağ müharibəsi veteranları ilə görüş keçirilmişdir

07 iyul 2022 | 17:19

Səbail Rayon İcra Hakimiyyətində Qurban bayramı ərəfəsində Qarabağ müharibəsi veteranları ilə RİH başçısı Vuqar Zeynalov görüş keçirmişdir. Görüşdə Səbail RİH başçısı ilə yanaşı, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin gün şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı, torpaqlarımız düşmən tapdağından azad edildi. Bu şanlı tarix xalqın mənəvi birliyi, Ordumuzun qüdrəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılıb və Azərbaycanın ən şərəfli dövrünün başlanğıcı hesab olunur. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərimizlə, qazilərimizlə, fəxr edirik və onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir”.

Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev, İradə Sadıxova və digər veteranlar çıxış edərək, dövlətin onlara yaratdığı şərait, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, hər zaman ölkə başçısının yanında olduqlarını qeyd etmişlər.

Görüşün sonunda müharibə veteranları ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmiş və onlara bayram sovqatları təqdim edilmişdir.

Keçidlər