Səbail rayonunda şəhid ailələri ilə növbəti görüş keçirilib
Səbaildə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Tədbir zamanı şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tarixi qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini və belə vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirmişdir. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını diqqətə çatdıran RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhid ailələrinin bundan sonra da daimi diqqət və qayğı ilə əhatə olunacaqlarını qeyd etmişdir.
Daha sonra çıxış edən millət vəkili Nigar Arpadarai ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən şəhidlərimizin ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altında olduğunu, şəhid ailələrinin və müharibə əlillərinin qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək və bu kateqoriyadan olan dəstək olmaq hər bir Azərbaycan vətəndaşının vəzifə borcu olduğunu bildirmişdir.
Görüş zamanı şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, daha sonra onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər.