Səbail rayonunda şəhidlərin ailə üzvləri ziyarət olunur
Səbail Rayon İcra Hakimiyyətinin layihəsi əsasında ölkəmizin mədəniyyət xadimləri ilə birgə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət olunur. RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov və şöbənin məsul əməkdaşı Nicat Quliyev, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları Azərbaycan Respublikasının xalq artisti Yasin Qarayev, Azərbaycan Respublikasının əməkdar artisti İlham Əsədov Vətən müharibəsi şəhidi Əliyev Fərid Pirəli oğlunun xanımı Elnarə Əliyevanı ziyarət etmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi və bu istiqamətdə həyata keçirilən tədbirlər Səbail rayonunda sistemli və ardıcıl xarakter daşıdığı bildirilmişdir.
Şəhidin xanımı Elnarə Əliyeva ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişdir.






