Səbail rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin əməkdaşları iştirak etmişlər.
Əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir zamanı Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən geniş bəhs olunmuşdur. Bildirilmişdir ki, Ümumilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti özündən sonra uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti nəticəsində Qarabağ münaqişəsinə birdəfəlik son qoyulmuşdur. Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışılmış, Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanmışdır.