Səbail Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamının 8.9.3-cü “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi” bəndinin icrası ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilmişdir. Təlimdə RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak etmişlər.
Təlim zamanı iştirakçılara Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparıldığı, həmçinin, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat verilmişdir.
Təlimin sonunda interaktiv qaydada iştirakçıların sualları cavablandırılmış və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusu ilə bağlı verilən təkliflər əsasında geniş fikir mübadiləsi aparılmışdır.