Səbaildə 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirilib
Səbail Rayon İcra Hakimiyyətində 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri və bələdiyyə əməkdaşları iştirak etmişlər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.
Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova bildirmişdir ki, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması məqsədilə başlanılan antiterror tədbirləri nəticəsində müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağının bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Qeyd olunmuşdur ki, cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olduğu bu möhtəşəm tarixi qələbəmizin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qətiyyətlə davam etdirilərək şanlı Zəfərə nail olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən hər il sentyabrın 20-də Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir.