Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 28 may - Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib

28 may 2022 | 09:35

Mayın 27-də Səbail Rayon İcra Hakimiyyətində Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul işçiləri, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova qeyd etmişdir ki: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Beləliklə, Ümummilli lider Heydər Əliyev dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpasını reallaşdırdı və müstəqilliyini əbədiləşdirdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun varisi  Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Şanlı Ordumuz 44 gün ərzində düşmənin mövqelərini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. Çoxşaxəli fəaliyyəti ilə ölkə başçısı Tarixi Zəfərə imza atdı. Bu reallıq Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi. Bu reallığı yaradan dahi lider, görkəmli dövlət xadimi Ölkə başçısı cənab İlham Əliyev tarixdə öz adını və izini qoydu. 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olmuşdur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etmişdir”.
Sonda tədbir iştirakçılarına Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Keçidlər