Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə tədbir keçirilmişdir

01 avqust 2024 | 16:09

Avqustun 1-də Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova və rayonun fəal gəncləri iştirak etmişlər.
Tədbirdə çıxış edən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva müasir dövrdə də ana dilinin hərtərəfli inkişafından bəhs etmiş, vurğulamışdır ki, ana dilimizin dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Tədbir zamanı Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirmişdir ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilmişdir. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalamışdır. Qeyd etmişdir ki, ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Daha sonra gənclərin ifasında şeirlər və bu əlamətdar gün haqqında fikirlər səsləndirilmişdir.

Keçidlər