Səbaildə Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib
Avqustun 1-də Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Rizvan Nəbiyev, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova, şəhidlərin ailə üzvləri və rayonun fəal gəncləri iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər bildirmişdir ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilmişdir. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalamışdır. Qeyd edilmişdir ki, ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Tədbir çərçivəsində şəhid Məhərrəm Əlioğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.






