Səbaildə “Milli dirçəlişin başlanğıcı-14 iyul 1969” mövzusunda tədbir keçirilib
Səbail Rayon İcra Hakimiyyətində Ümumilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “Milli dirçəlişin başlanğıcı-14 iyul 1969” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülmüşdür. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilmişdir.
Tədbir Ümummili Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbir zamanı Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində mühüm əhəmiyyət daşımasından, bu tarixin Azərbaycanın xilasının birinci mərhələsi olmasından söz açaraq bildirmişdir ki: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxarmışdır. Ulu Öndərin yaratdığı dövlətçilik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi böyük nüfuz qazanmışdır”.
Tədbir zamanı çıxış edən Səbail RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır.
Tədbirin sonunda müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü haqqında videoçarx nümayiş olunmuşdur.






