Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

20 noyabr 2023 | 16:28

Noyabrın 20-də Səbail Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Dövlət müəssisələri, idarələr və təşkilatlar tərəfindən 2023-2024-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” 145 nömrəli, 16.08.2023-cü il tarixli sərəncamına əsasən 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİHB-nın şöbə müdirləri və məsul əməkdaşları, Səbail rayonu üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bakı Şəhər İcra Hakimiyyəti başçısının payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq Sərəncamların icrası, eyni zamanda qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının keçirdiyi müşavirədə verilən tapşırıqlar ilə əlaqədar rayon ərazisində xüsusi Qərargah yaradıldığını, eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət sahələrində mövsümə hazırlıqla bağlı Tədbirlər planının hazırlandığını bildirmiş, 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.

Tədbir zamanı Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri - Ayaz Hüseynov, Anar Tağıyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bütün təsərrüfat obyektlərində, eyni zamanda elm, təhsil və səhiyyə müəssisələrində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi, yarana biləcək çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin aparılması və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyə və tapşırıqları diqqətə çatdırmışlar.

Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə və rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili ilə bağlı məlumatlar verilmişdir.

Müşavirənin sonunda rayon təsərrüfatının 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmış, bir sıra məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər