Səbaildə Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş sərgi açılıb
Səbaildə Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “QGallery” qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, tanınmış xalq rəssamları, rəsmi qonaqlar iştirak etmişlər.
Sərgidə təxminən 40-a yaxın Qərbi Azərbaycan həqiqətlərini əks etdirən rəsm əsərləri nümayiş olunmuşdur.
Tədbir zamanı qeyd olunmuşdur ki, sərgi Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmlidir. Sərgi, digər ölkələrdə yaşayan icma üzvlərinin və Türkiyə sənət adamları arasında əlaqələrin qurulması məqsədilə təşkil olunmuşdur. Sərginin “İnsan hekayələri” adlandırılması da təsadüfi deyil. Bu, Qərbi Azərbaycandan zorla çıxarılan həmvətənlərimizə həsr olunmuşdur. Burada əsas mesaj – hər birinin öz taleyi, öz yolu olan insanların ümumi arzusu olan qayıdış hüququdur. Sərgidəki əsərlər məhz onların məcburi köçkünlüyü və doğma torpaqlara qayıdış arzusuna həsr olunmuşdur.