Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə şəhidlər İlkin Əhədzadə və Murad Qurbanovun büstlərinin açılış mərasimi keçirilib

19 may 2022 | 11:07

Mayın 19-da Səbail rayonu 51 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhid olmuş Əhədzadə İlkin Qələmşah oğlu və Qurbanov Murad Asif oğlunun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan büstlərinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin büstləri önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm qələbə qazanmasında şəhidlərimizin müstəsna rolu olmuşdur. Qəhrəman şəhidlərin canı, qanı bahasına, eləcə də, igid, cəsur əsgər və zabitlərinin cəsarəti, mərdliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. Öz adlarını xalqımızın tarixinə əbədi yazan Vətən müharibəsinin şəhidlərinin xatirəsi həmişə bizim üçün əzizdir, ucadır, yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bu xidmətləri daim yüksək qiymətləndirir, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin daim diqqətdə saxlanılması, müharibədə sağlamlığını itirən qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli üçün mühüm tədbirlərin həyata keçirilməsini nəzarətdə saxlayır”.
Tədbirdə zamanı millət vəkili Nigar Arpadarai çıxış edərək ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidlərin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, mayor Əhədzadə İlkin Qələmşah oğlu nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İlkin Əhədzadə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Rəşadər ordeni”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vətən müharibəsi zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər