Səbaildə şəhidlər Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun xatirə lövhələrinin açılış mərasimi keçirilib
Oktyabrın 18-də Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Təhsil Kompleksinin qəhrəman məzunları Nicat Tarıverdiyevin, Fərid Əliyevin və Yusif Budaqovun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə xatirə lövhələrinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, Təhsil Kompleksinin direktoru Sara Xanlarova, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin xatirə lövhələri önünə gül dəstələri düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirmişdir. RİH başçısı dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ölkə başçısı həyata keçirdiyi sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da bu kateqoriyadan olan həssas əhali qruplarının lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü qeyd etmişdir.
Tədbir zamanı çıxış edən millət vəkili Nigar Arpadarai 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını, 30 ildən çox işğal altında olan şəhər və kəndlərimizin azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulamışdır.
Şəhidlərin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra tədbir 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri ədəbi-bədii kompozisiya çıxışı ilə davam etmişdir.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.