Səbaildə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib
Mayın 5-də Səbail Rayon İcra Hakimiyyətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirə salınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkil edilməsi məqsədilə müşavirə keçirilmişdir. Müşavirədə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov, Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abbasqulu İsmayılov, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 saylı bölməsinin müdiri Reyhan İzzətpənah, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru Rəşad Mürşüdov, Səbail RİHBA-nın məsul əməkdaşları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin məsul əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsinin birinci və əsas faktor olduğunu vurğulayaraq rayon ərazisində yerləşən bütün ictimai və özəl çimərliklərdə, istirahət mərkəzlərində işarələnmə, nişanlanma, sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl edilməsi və təhlükəsizlik qaydalarına nəzarət olunması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məsul şəxslərin təhkim olunduğunu qeyd etmişdir. Çimərlik mövsümündə RİH başçısı Vuqar Zeynalov, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbərliyi ilə birgə rayon ərazisində yerləşən çimərliklərə bir neçə dəfə baxış keçirildiyini bildirən Vüqar Şixəmmədov baxışlar zamanı ictimai çimərlikdə sosial məsafənin saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə olunması və təmizliyə riayət edilməsi barədə müvafiq göstərişlər verildiyini, mövsümə hazırlıqla əlaqədar xidmətin dalğıc-axtarış qrupu, sularda xilasetmə məntəqə və post əməkdaşlarının təyinatı üzrə hazırlığı yoxlanılması, baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə polis postlarının və təcili tibbi yardım briqadalarının fəaliyyəti təmin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov çıxış edərək Rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması və onların aradan qaldırılması məqsədi ilə mütəmadi monitorinqlər keçirildiyini bildirərək rayon ərazisində yerləşən çimərliklərdə mövcud problemləri təhlil edilməsinin, çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsinin və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyini nəzərə çatdırmışdır.
Müşavirə zamanı çıxış edən tədbir iştirakçıları tərəfindən rayon ərazisindəki çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülməli olan işlər müzakirə edilmişdir.