Səbaildə “Şuşa İli” ilə əlaqədar dəyirmi masa təşkil edilib
Səbail rayonu T. Məmmədov adına 239 nömrəli məktəbin “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyevin əqli mülkiyyət xəzinəsindən” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısnın müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Səbail RİHBA-nın əməkdaşları, Türkiyə Respublikasının İzmit Anadolu liseyindən qonaqlar, şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbirdə Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğu vurğulanmışdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
Mərasimdə məktəblilər tərəfindən “Şuşa İli”nə həsr olunan səhnəcik maraqla qarşılanmışdır.