Səbaildə “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Uşaq hüquqları aylığı” çərçivəsində “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, rayonun təhsil müəssisələrinin rəhbərləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Görüş zamanı bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, Səbail rayonunda uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi görüşlər həyata keçirilir. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
İnteraktiv formatda davam edən görüş zamanı şagirdlərin dərsdən yayınma səbəbləri müzakirə olunmuş, problemlərin həlli və şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi məqsədilə təkliflər irəli sürülmüşdür.