Səbaildə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçığı ilə 163 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, RİHBA-nın məsul əməkdaşları, psixoloq Aqil Mübariz, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbir zamanı qeyd edilmişdir ki, hər il olduğu kimi 2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” kimi qeyd edilir. Bildirilmişdir ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Tədbirdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən ətraflı məlumat verilmişdir.
İnteraktiv formatda təşkil olunmuş tədbirdə mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.