Səbail Rayon İcra Hakimiyyətində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar dəyirmi masa keçirilib
Yanvarın 31-də Səbail Rayon İcra Hakimiyyətində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Respublikası Ombudsman Aparatının Uşaq hüquqları müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Bakı Şəhər İcra Hakimiyyəti yanında YYÇİ və HM üzrə Komissiyasının məsul katibi Zülfiyyə Həsənova, Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin rəisi Emin Bağırzadə, Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında YYÇİ və HM üzrə Komissiyasının üzvləri, RİHBA-nın məsul əməkdaşları və rayon ərazisində yerləşən ümumi təhsil müəssisələrinin direktorları iştirak etmişlər.
Tədbirdə Fəaliyyət Planına əsasən yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndirməklə, ölkə üzrə uşaqların müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədi ilə uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi mövzularında müzakirələr aparılmış, təkliflər irəli sürülmüş və bu təkliflər əsasında cari ilin 1-ci yarısında tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.