Səbail rayonunda növbəti yaşıl məhəllə sakinlərin istifadəsinə verildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail rayonu ərazisində bir sıra həyətlərdə abadlıq işlərinin aparılması, mövcud yaşıllıqlar bərpa edilməsi, yeni parklar və yaşıllıq zolaqlarının yaradılması, gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncə qurğuları yerləşdirilməsi və idman alətlərindən ibarət meydançaların salınması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir.
Bu istiqamətdə görülən işlər çərçivəsində 20-ci sahə yaşayış massivi, Salyan yolu dalan 4 ünvanında 800-dən çox sakinin yaşadığı ərazini əhatə edən yaşıl məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin istək və maraqları nəzərə alınaraq, abadlaşdırılan yaşıl məhəllədə bütün yaş qruplarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif idman qurğuları və oturacaqlar quraşdırılmış, ərazidə mövcud yaşıllıqlar bərpa olunmuş, 1000-dən çox müxtəlif növ ağaclar və dekorativ kollar əkilmiş, 500 kv.m. ərazidə yaşıllıq zolağı salınmışdır.
Aparılan abadlıq işlərinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Sakinlər rayon ərazisində aparılan abadlıq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.