Səbaildə yeni məktəbin açılış mərasimi keçirilib
Səbaildə fəaliyyət göstərəcək “Gələcəyin Məktəbi”nin rəsmi açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Eldar İbrahimov, Anar İsgəndərov, Asif Əsgərov, professor Aqiyə Naxçıvanlı, BDU-nun baş müəllimi Azema Həsənova, “Oxbridge Academy”nin təsisçisi Nailə Rzayeva, məktəbin rəhbərliyi, müəllimlər, valideynlər və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə çıxış edən “Gələcəyin Məktəbi”nin təsisçisi və direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova məktəbin yaradılmasında əsas məqsədin müasir dövrün tələblərinə cavab verən, şagirdlərin fərdi potensialını üzə çıxaran və onları gələcəyin çağırışlarına hazırlayan təhsil mühiti formalaşdırmaq olduğunu qeyd etmişdir.
Çıxışlarda müasir təhsil metodlarının tətbiqinin, şagirdyönümlü və tədqiqat əsaslı öyrənmənin, XXI əsr bacarıqlarının inkişaf etdirilməsinin, yaradıcılıq, əməkdaşlıq, tənqidi və yaradıcı düşünmənin formalaşdırılmasının əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə müasir, keyfiyyətli və innovativ təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunmuşdur ki, “Gələcəyin Məktəbi” yeni tədris ilindən etibarən şagirdlərin təhlükəsiz, müasir və inkişafyönümlü təhsil mühitində öyrənməsinə imkan yaradacaqdır.






