Səbail rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirildi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 2023/2024-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirmişdir. Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, şagirdlər və valideynlər iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına yönəlmiş böyük diqqət və qayğı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi Səbail rayonunda da təhsilin səviyyəsinin günü-gündən artmaqda olduğunu bildirmişdir. Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlar və Dövlət Proqramlarına əsasən rayon ərazisində orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyətinin əsaslı təmir olunduğunu, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil işçilərinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd etmişdir.
Tədbir zamanı çıxış edən məzunlar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonda yüksək bal toplamış məzunlar Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, onlarla xatirə şəkli çəkdirilmişdir.