Səbaildə şəhid ailələri ilə görüşlər davam edir
Səbail Rayon İcra Hakimiyyətində şəhidlərin ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşdə RİH başçısının müavini Kəmalə Həşimova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, RİHBA-nın məsul əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Görüş zamanı çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova cari ilin sentyabr ayında aparılan antiterror əməliyyatının nəticəsi olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə, o cümlədən Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığını, bu qayğının hər zaman davam etdiriləcəyini qeyd etmişdir. Bildirilmişdir ki, ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir və ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərini bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Çıxış edən şəhidlərin ailə üzvləri işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və sürətlə aparılan quruculuq işlərindən fəxr hissi keçirdiklərini vurğulayaraq göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.