Şəhid Arif İsmayılovun abidəsi ziyarət olundu
Qarabağ müharibəsi zamanı şəhid olmuş İsmayılov Arif Sadıq oğlunun adının əbədiləşdirilməsi məqsədilə 20-ci sahə yaşayış massivində şəhidin adını daşıdığı A.İsmayılov küçəsində inşa edilmiş abidəsi ziyarət olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, RİHBA-nın məsul əməkdaşları, şəhidin anası Səmayə İsmayılova, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhidin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
Mərasim zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən və onlara göstərilən diqqət və qayğıdan danışmış, şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin problemlərinin həlli, eyni zamanda müharibə əlillərinin sağlamlığının bərpası istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidin anası Səmayə İsmayılova onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Arif ismayılov 1992-ci ildə hərbi xidmətə yollanmış, qızğın döyüşlərin getdiyi Laçın, Qubadlı və Füzuli rayonlarında Ermənistan silahlı qüvvələrinin hücumlarının dəf edilməsi zamanı xüsusi fədakarlıqlar göstərmişdir. 1993-cü ilin fevralın 20-də Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur.