Şəhid Cavidan Ağayevın doğum günü münasibətilə məzarı ziyarət olundu
Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ağayev Cavidan Mirzağa oğlunun doğum günüdür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
İyulun 16-da Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Cavidan Ağayevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunaraq üzərlərinə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunmuşdur.
Vətən Müharibəsi şəhidi Cavidan Ağayevin məzarı önündə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov öncə şəhidin ailə üzvlərinə başsağlığı vermiş, belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirmiş, ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd etmişdir.
Şəhidin atası Mirzağa Ağayev şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığını bildirmişdir.