Vətən müharibəsi şəhidi Cavidan İbrahimlinin ailə üzvləri ziyarət olundu
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, İctimai Şura üzvü, Vətən müharibəsi qazisi Ramin Şirinov və qazi Rəşad Əmənov şəhid İbrahimli Cavidan Nizami oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanının qarşısında şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüşdə şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğısından irəli gəldiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Ölkə rəhbərliyi tərəfindən müharibə veteranları, əsgər və hərbi qulluqçuların ailələrinin, milli ordu quruculuğunda, habelə ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidməti olanların həyat şəraitinin yaxşılaşmasına və sağlamlıqlarının bərpasına xüsusi qayğı göstərilir və bu diqqət hər zaman ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir.
Şəhidin anası Gülnaz İbrahimova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Ziyarət zamanı RİH başçısı şəhid İbrahimli Cavidanın həyat yolunu əks etdirən fotolar, şəxsi əşyaları, eyni zamanda şəhidin Vətən Müharibəsi zamanı pul əskinazının üzərinə yazdığı “Şəhidləri unutmayın! İbrahimli Cavidan. Bakı, Badamdar” əlyazması ilə tanış olmuşdur.