Şəhid Əliyev Fərid Pirəli oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu
Avqustun 14-də Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlunun doğum günü idi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Fərid Əliyev noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Səbail RİH başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Əliyev Fərid Pirəli oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlıqlarını bildirmişlər.