Şəhid Elşən İsmayılovun xatirə lövhəsinin açılış mərasimi keçirildi
Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş İsmayılov Elşən Firazəddin oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bayıl yaşayış massivində şəhidin adını daşıyan küçədə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini ən əsas vəzifələrdən biri kimi müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Şəhidin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Elşən İsmayılov 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılaraq döyüşlərə qatılmışdır. O, müharibəyə gedəndə ailəli idi və üç övladı var idi. Qızğın döyüşlərin getdiyi Füzuli rayonuna göndərilən Elşən İsmayılov qorxmaz və bacarıqlı əsgər kimi tanınmış, Vətən uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1994-cü ilin yanvarın 25-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır.