Səbaildə yerləşən Laçın rayon Badamdar ümumi orta məktəbində şəhid Etibar Nəcəfovun xatirəsi anılmışdır
Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Laçın rayon Badamdar ümumi orta məktəbində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Nəcəfov Etibar Mehman oğlunun xatirəsi anılmışdır. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Mahir Abbaszadə, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidin xatirə lövhəsi önünə gül dəstələri düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirərək dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını və ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasətin tələblərinə uyğun olaraq respublikamızın hər yerində bu kateqoriyadan olan həssas əhali qruplarının lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü qeyd etmişdir.
Şəhidin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.