Şəhid İqor Ağayevin xatirə lövhəsinin açılış mərasimi keçirildi
Qarabağ Müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Ağayev İqor Oktay oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 21/7 ünvanında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını vurğulamış, şəhidlərə verilən qiymətdən onların ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü qeyd etmişdir.
Mərasim zamanı şəhidin döyüş dostları, yaxınları çıxış edərək İqor Ağayev haqqında öz xatirələrini bölüşərək qeyd etmişlər ki, hələ uşaq yaşlarından vətənpərvər ruhda yetişdirilən İqor Ağayev ermənilərin Azərbaycan xalqına törətdikləri amansızlıqlara dözə bilməyərək 1992-ci ildə könüllü olaraq ordu sıralarına yazılaraq döyüşlərə qatılmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli bölgəsinə göndərilən İqor Ağayev qorxmaz və bacarıqlı əsgər kimi tanınmış Vətən uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. Ağcabədi və Füzuli rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş, 1992-ci ilin iyunun 28-də Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalmışdır.
İqor Ağayevin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.