Birinci Qarabağ müharibəsinin şəhidi İsmayıl Xəlilovun nəşi ailəsinə təhvil verilib və vida mərasimi keçirilib
Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır. Aparılmış araşdırmalar zamanı 30 ildən çoxdur itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid İsmayıl Xəlilovun nəşi Səbail rayonuna gətirilib. Şəhidin nəşi bu gün doğulduğu Səbail rayonunda ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda torpağa tapşırılıb. Qeyd edək ki, şəhid İsmayıl Xəlilov 19.02.1973-cü ildə Səbail rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1991-ci ildə cəbhə xəttinə yola düşmüşdür. Ağdərə rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur.