Bakı Slavyan Universitetində şəhid Nicat Şükürlünün xatirəsi əbədiləşdirilib
Bakı Slavyan Universitetində Vətən uğrunda canından keçmiş məzun Nicat Şükürlünün adını daşıyan auditoriyanın açılış mərasimi olub. Mərasimdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, BSU-nun rektoru Anar Nağıyev, Millət vəkilləri Nigar Arpadari və Vüqar Rəhimzadə, R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyinin direktoru Elza Bağırzadə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Vətən müharibəsi iştirakçıları, şəhidin döyüş və tələbə yoldaşları iştirak ediblər.
Əvvəlcə şəhid məzunların xatirə guşəsinə gül dəstələri qoyulub, Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Natiqlər çıxışlarında qeyd etmişlər ki, torpaqlarımızın işğaldan azad edilməsi şəhidlərin şücaəti, qazilərin fədakarlığı və dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində mümkün olub, bu qələbənin hansı itkilər bahasına qazanıldığı heç vaxt unudulmamalıdır. Çıxışlarda həmçinin vurğulanıb ki, auditoriyalara şəhidlərin adının verilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə mühüm töhfə verir və onların qəhrəmanlıq irsini gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi borcudur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişlər.
Tədbir çərçivəsində universitet tələbələrinin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeir kompozisiyaları təqdim edilib. Mərasim “Nicatın yolu” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.






