Şəhid Rafiq İsgəndərovun ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyət nümayəndələri şəhid İsgəndərov Rafiq Bayram oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə şəhidin adını daşıdığı R.İsgəndərov küçəsində xatirə lövhəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu bildirmişdir.
Rafiq İsgəndərovun ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, Rafiq İsgəndərov 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılmışdı. Qızğın döyüşlərin getdiyi Füzuli bölgəsinə göndərilən Rafiq İsgəndərov döyüşlərdə özünü qorxmaz və bacarıqlı əsgər kimi tanıtmış, Vətən uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1994-cü ilin yanvarın 19-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.