Rayon İcra Hakimiyyətinin başçısı şəhid valideynləri ilə görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimiz Qurbanov Murad Asif oğlu, Ağayev Cavidan Mirzağa oğlu və Qənbərov Bilal Xanlar oğlunun valideynləri ilə görüş keçirmişdir. Səmimi mühitdə təşkil olunan bu görüş şəhid Murad Qurbanovun yaşadığı 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsi 15 ünvanının qarşısında, çay süfrəsi arxasında baş tutmuşdur. Görüşdə RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev və ərazi icra nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid analarının dərdinə şərik olduğunu bildirmiş, onlara göstərdikləri fədakarlığa görə dərin ehtiramını ifadə etmişdir. RİH başçısı çıxışında qeyd etmişdir ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı son sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş qəhrəman hərbi qulluqçularımız ölümündən sonra yüksək dövlət ordenləri ilə təltif edilmişlər. RİH başçısı bu addımın dövlətin şəhidlərimizin ruhuna, onların keçdiyi şərəfli döyüş yoluna verdiyi ali qiymətin növbəti bariz nümunəsi olduğunu bildirmişdir. Dövlətin hər zaman şəhid ailələrinin yanında olduğu, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən sosial siyasətin Səbail rayonunda da ardıcıl olaraq davam etdirildiyi diqqətə çatdırılmışdır.
Görüşdə iştirak edən şəhid anaları, övladlarının dövlətin ali ordenlərinə layiq görülməsinə və onlara göstərilən bu daimi səmimi diqqətə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Analar övladlarının döyüş yollarından, göstərdikləri şücaətlərdən qürurla bəhs edərək xatirələrini bölüşmüşlər. Görüş zamanı Vuqar Zeynalov şəhid analarının müraciətlərini, qayğı və ehtiyaclarını dinləmiş, qaldırılan məsələlərin və sosial-məişət problemlərinin operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar vermişdir.






