Şəhid Dementyev Aleksey Vasilyeviçin xatirə lövhəsinin açılış mərasimi keçirildi
Qarabağ Müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Dementyev Aleksey Vasilyeviçin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, Neftçilər küçəsi 2 ünvanında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə və onların ailələrinə, həmçinin, müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərildiyini qeyd edərək şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.
Mərasim zamanı şəhidin döyüş dostları, yaxınları çıxış edərək Dementyev Aleksey Vasilyeviç haqqında öz xatirələrini bölüşərək hərbi xidmətdəki nümunəvi davranışından, Vətənin müdafiəsi zamanı göstərdiyi şücaətdən bəhs etmişlər.
Aleksey Dementyevin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə edərək Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.