Şəhid Zülfüqarov Tənhan Cavanşir oğlunun xatirə lövhəsinin açılış mərasimi keçirildi
Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Zülfüqarov Tənhan Cavanşir oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavini Eldar Ağayev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini ən əsas vəzifələrdən biri kimi müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Şəhidin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Tənhan Zülfüqarov 1-ci Qarabağ müharibəsi zamanı vətən uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmiş, 1994-cü ilin martın 6-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır.