Şabran rayonunda dəfn olunan şəhidimiz Vüsal Həsənovun məzarı ziyarət olundu
Oktyabrın 9-da Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən şəhid Həsənov Vüsal Ariz oğlunun Şabran rayonu, Zeyvə kəndində yerləşən məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş İsmayıllı rayon şəhidlərinin məzarları da ziyarət olunaraq onların ruhuna dualar oxunmuşdur. Daha sonra şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş abidə kompleksi ziyarət olunmuşdur.
Ziyarət zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan Kəmalə Həşimova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişləri ilə dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını, hər bir şəhid ailəsinin mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.