Şəhid Fərid Əliyevin adı yaşadığı küçəyə verildi
Bu gün İçərişəhərdə Vətən müharibəsi şəhidi Fərid Əliyevin adını daşıyan küçənin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” DTMQİ-nın İdarə Heyətinin sədri Şahin Seyidzadə, Millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Fəridin ömür və döyüş yolundan bəhs etmişlər.
Daha sonra küçənin uzunluğu, küçədə yerləşən evlərin və əhalinin sayı barədə tədbir iştirakçılarına məlumat verilmişdir.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə”, "Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.