Səbaildə “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib
Səbail Rayon İcra Hakimiyyətində “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, RİHBA-nın şöbə müdirlərinin müavinləri, sektor müdirləri və əməkdaşları iştirak etmişlər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev Ümummilli Lider Heydər Əliyevin öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimi olduğunu vurğulayaraq məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Şanlı Qələbənin təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoymuşdur. Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlilləri və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Eldar Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin və müharibə veteranlarının sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən müharibə iştirakçıları və qazilər döyüş yolundan bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfərin fəxrini yaşadıqlarını vurğulamış, göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, Azərbaycan Ordusunun müasir hərbi qüdrətindən və şəhidlərimizin əziz xatirəsindən danışmışlar.
Tədbir Azərbaycan Ordusunun qüdrətini tərənnüm edən videoçarxın nümayişi ilə başa çatmışdır.






