Şıx yaşayış massivində bir qrup sakin ilə görüş keçirilib
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Şıx yaşayış massivində bir qrup sakin ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və qəsəbə ağsaqqalları iştirak etmişlər.
Görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ağsaqqalları dəyərli fikir və təkliflərini daim dinləməyə hazır olduğunu bildirərək qeyd etmişdir ki: “Dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz son illər ərzində istər regionda istərsə də bütün dünyada böyük uğurlar qazanıb. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq ərazi bütövlüyün bərpa edib. Müharibədən sonra Qarabağda sürətli quruculuq bərpa işləri aparılır, yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görülür. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. Bütün bu uğurlar Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasətinin nəticəsidir”.
Bu uğurların davamı olaraq Ölkə başçısının qarşıya qoyduğu bütün vəzifələr hər kəs tərəfindən məsuliyyətlə yerinə yetirilməli, vətəndaşların mövcud problemlərinin həll edilməli olduğunu vurğulayan RİH başçısı Vuqar Zeynalov yaxın zamanlarda Səbail rayonunda, o cümlədən Bibiheybət qəsəbəsində sosial-mədəni və iqtisadi sahələrdə görülən və görüləcək işlər, o cümlədən Ölkə başçısının tapşırığına uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Bibiheybət qəsəbəsində aparılan abadlıq işləri barədə qəsəbə ağsaqqallarına geniş məlumat vermişdir.
Görüş zamanı mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında geniş fikir mübadiləsi aparılmışdır.
Sonda görüşdə iştirak edən ağsaqqallar çıxış edərək, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, Səbail rayonunda, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.