Səbail rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir
Bu gün Səbail rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir. Səbail rayonunun təhsil müəssisələrində təşkil olunan tədbirlərdə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji kollektivlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Çıxış edən natiqlər məzunları müstəqil həyatın astanasında qədəm qoymaları münasibətilə təbrik etmiş, onlara gələcək ali təhsil və karyera yollarında uğurlar arzulamışlar. Bildirilmişdir ki, ölkəmizdə gənc nəslin savadlı, vətənpərvər və milli dəyərlərə sadiq yetişməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Məhz Ulu Öndərin uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini vermişdir. Ümummilli Lider tərəfindən təməli qoyulmuş bu inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə böyük qətiyyət və uğurla davam etdirilməkdədir.
Mərasimlərdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda mahnılar və şeirlər nümayiş etdirilmişdir. Tədbirlərin sonunda məzunlar üçün gələcək həyatın başlanğıcını rəmzi olaraq ifadə edən sonuncu zəng çalınmışdır.






