Səbaildə “Şuşanın 270 anı” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib
Dekabrın 15-də Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Şuşanın 270 anı” bədii-sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayonu Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihənin rəhbəri Lalə Azərtaş, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadə, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edilməsi bizim üçün qürur mənbəyi olduğunu bildirərək Qarabağda əldə olunan möhtəşəm Zəfəri, qəhrəman oğullarımızın şücaətini gələcək nəsillərə ötürmək, onları vətənpərvər ruhda yetişdirmək işində təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir.
Daha sonra layihə çərçivəsində hazırlanan “Şuşa 270” adlı nəşr təqdim edilmişdir. Bildirilmişdir ki, Azərbaycan, ingilis, və rus dillərində yüksək keyfiyyətlə hazırlanan nəşrdə Şuşa sakinləri üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq, şəhərdən çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapmışdır.
Tədbir zamanı məktəbin şagirdləri tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.