2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş teatr tamaşası təqdim edilib
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə “Məni dinləyin...” adlı mono-dram tamaşası nümayiş etdirilmişdir. Təbdirdə millət vəkilləri, dövlət rəsmiləri, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çıxışlarda autizm spektrli fərdlərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti, inklüziv mühitin formalaşdırılması və maarifləndirici təşəbbüslərin rolu vurğulanmışdır. Sənətin reabilitasiyaedici potensialı və yaradıcı platformaların uşaqların inkişafındakı əhəmiyyəti qeyd olunmuş, eyni zamanda bu sahədə dövlət dəstəyinin davamlı xarakter daşıdığı diqqətə çatdırılmışdır.
Səhnə əsərində fərqli fərdlərin daxili dünyası və cəmiyyət tərəfindən anlaşılmama problemi bədii formada təqdim olunmuş, tamaşada Leyla Əliyevanın “Dünya yuxutək əriyir” əsərindən nümunələrdən istifadə edilmişdir.






