Səbaildə “Ümumdünya Məskunlaşma Günü”nə həsr olunmuş tədbir keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Ümumdünya Məskunlaşma Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə İcra Hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə Əzimzadə, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Nigar Bəylərova, məktəbin direktoru Nisə Fərəcova və məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.
Tədbirdə çıxış edən İnarə Əzimzadə şəhərsalma və memarlığın cəmiyyətin inkişafında rolu, tarixi-mədəni irsin qorunmasının əhəmiyyəti barədə danışmışdır. O, Qarabağın qədim tarixindən və zəngin memarlıq-mədəni irsindən bəhs edərək, müxtəlif tarixi dövrləri əks etdirən memarlıq nümunələrinin, tarixi abidələrin və qədim yaşayış məskənlərinin xalqımızın zəngin milli-mədəni irsinin mühüm hissəsini təşkil etdiyini diqqətə çatdırmışdır.
Çıxışda Ümummilli lider Heydər Əliyevin milli-mədəni irsin qorunmasına və şəhərsalmanın inkişafına göstərdiyi diqqətdən bəhs edilmiş, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuşdur.
Tədbir zamanı şagirdlərlə şəhərsalma, memarlıq, tarixi irsin qorunması və müasir şəhər mühitinin formalaşdırılması barədə fikir mübadiləsi aparılmışdır.






