Səbail rayonunda 1 İyun – Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir
Səbail rayonu 163 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Əziz Hüseynov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak etmişlər.
Çıxış edənlər uşaqların hərtərəfli inkişafının təmin olunmasının, onların hüquq və mənafelərinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışlar. Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uşaqların rifahına, təhsilinə və sağlam inkişafına xidmət edən dövlət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların istedadlarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Tədbir zamanı şagirdlərin ifasında səsləndirilən nəğmələr və nümayiş etdirilən rəqs nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Bununla yanaşı, şagirdlərin təqdimatında nümayiş etdirilən “Turpun nağılı” tamaşası birlik, dostluq və qarşılıqlı yardım kimi mənəvi dəyərləri özündə əks etdirərək tədbirə xüsusi məna və rəng qatmışdır.
Tədbirin sonunda uşaqların hüquqlarının qorunmasının vacibliyi bir daha vurğulanmış, onların üzündəki sevinc və təbəssümün sağlam və güclü cəmiyyətin ən mühüm göstəricilərindən biri olduğu qeyd edilmişdir.






